Əli Əhmədov: “Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər?”
02 sentyabr 2013 12:30 (UTC +04:00)

Əli Əhmədov: “Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər?”

“Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır?”

 

“Rəqib şəklində özlərini vətəndaşlara təqdim etmək istəyən və müxalifət adlanan qüvvələr seçki kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi şəkildə yanaşırlar”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov hakim partiyanın rəsmi saytına müsahibəsində söyləyib.

 

YAP icra katibi bildirib ki, ciddi tələbələr imtahanlara il boyu hazırlaşırlar, tənbəllər isə imtahan günü imtahana hazırlaşmağı yadlarına salırlar: “Təbiidir ki, il boyu dərslərinə hazırlaşan tələbələrin əldə etdiyi nəticələrlə imtahana hazırlaşmağı imtahan günündə yadına salan tələbələrin nəticələri bir-birindən tamamilə fərqli olur. Eləcə də güman edirəm ki, seçkilərə yanaşma tərzləri bir-birindən fərqli olan siyasi təşkilatların seçki kampaniyalarının nəticələri də fərqli olacaq. Seçkinin uğurunu təmin edən vacib məqamlardan biri olan namizədin müəyyənləşdirilməsi məsələsi də bütövlükdə seçki kampaniyasına hazırlığın tərkibinə daxildir. Seçkiyə seçkidə iştirak edəcək əsas fiquru müəyyənləşdirmədən abstrakt şəkildə hazırlaşmaq mümkün deyil. Seçkiyə hazırlaşmaq, hər şeydən əvvəl, seçkidə iştirak edəcək həlledici fiqurun müəyyənləşdirilməsi və onun strategiyasının müəyyən edilməsi zəminində mümkün olur. Dünyanın hər yerində uğurlu partiyalar, o cümlədən YAP bu cür edir. Biz namizədimizi müəyyənləşdirmək problemi və ya sualı ilə qarşılaşmamışıq. Çünki bu, bizim seçki ilə əlaqədar həyata keçirdiyimiz bütün hərəkətlərin baş sualı olub və bu sual bizim üçün həmişə aydın cavabı ilə yadda qalıb. Müxalifət düşərgəsində isə hər kəsin müşahidə etdiyi kimi, namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikdən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar”.

 

Əli Əhmədov qeyd edib ki, seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil. Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur: “Hər bir seçkidə o insanlar namizəd kimi iştirak edirlər ki, həmin şəxslər onu namizəd kimi irəli sürən qrup üçün lider olsun. Partiya özünün lideri qəbul etdiyi şəxslə seçkiyə qatılır. Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz. Nəticədən asılı olmayaraq, hər bir siyasi partiya öz liderini seçki kampaniyasının həlledici fiquru olaraq qəbul edir.  Vurğulamaq istərdim ki, Azərbaycan xalqı özünün, öz ailəsinin və dövlətinin taleyinə o qədər biganə deyil ki, seçkilərdə istənilən adamın lehinə səs versin. Növbəti beş ildə Azərbaycanın və ölkə vətəndaşlarının taleyi seçkidə veriləcək səslərdən asılıdır. Buna görə də Azərbaycan xalqının təsadüfi insanlara səs verəcəyini düşünmək belə mümkün deyil. Müxalifət daxilindəki proseslərə gəldikdə isə, burada mənzərə daxili ziddiyyətlərlə səciyyələnir və çaşqınlıq hökm sürür. Çaşqınlıq, əvvəla, ondan ibarətdir ki, uzun axtarışlardan sonra seçkidə iştirak etmək üçün tapdıqları namizədin seçki kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə qatılsa belə uğur qazanacağına inam olmadığı üzə çıxdı. Tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmırlar. Bunun adını istər “vahid namizəd”, itərsə də “dublyor namizəd” qoysunlar, bu, Azərbaycan cəmiyyəti üçün elə bir əhəmiyyət kəsb etmir. Bu günlərdə müşahidə etdiyimiz gerçəklik ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm müxalifətə, həm də onun namizədinə biganəlik mövcuddur. Bu ondan irəli gəlir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində səs vermək istədiyi namizədi yaxşı tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə açıq şəkildə ifadə edib. Belə olan halda digər namizədlərin uğur qazanmasına ümid yeri qalmır”. 


 Əli Əhmədov hesab edir ki, seçkilərin yaxınlaşdığı bir dövrdə bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli çıxışlarının, bəyanatlarının artması seçkilər dövründə müşahidə olunan ənənəvi haldır və ayrı-ayrı xarici dairələrin Azərbaycanın daxili işlərinə bu və ya digər formada müdaxilə etmək, təsir göstərmək, Cənubi Qafqaz bölgəsində və Azərbaycanın yerləşdiyi ərazidə maraqlarını təmin etmək niyyətindən irəli gəlir. Onun sözlərinə görə, seçki kampaniyaları belə təsirlərin daha da intensivləşdirilməsinə əlverişli imkan yaradır: “Güman edirəm ki, ictimai-siyasi sabitlik və bu sabitliyin söykəndiyi reallıqlar imkan verməyəcək ki, seçkilər dövründə ənənə halını almış təzyiqlər taktikası nəyəsə gətirib çıxarsın. Təəssüflə qeyd edirəm ki, haqqında danışdığımız təzyiqlər taktikasında bəzən ölkənin daxilindəki qruplardan da istifadə olunur. Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyl göstərirlər. Bir neçə gün bundan əvvəl müxalifətin “dublyor” namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi “bəyənilmək” üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda “bəyənməlidirlər”? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır. Azərbaycanın prezidenti olmaq niyyətinə düşmüş bir insanın həmin niyyətinin həyata keçməsi üçün istinad edəcəyi yeganə bir qüvvə varsa, o da Azərbaycan xalqıdır, vətəndaşıdır, seçicisidir. Prezident seçkilərinə qatılan namizədin xarici səfərlər etməsi, özünü xaricilərə tanıtmaq istəməsi, onların xoşuna gəlməyə çalışması və dəstək umması birmənalı şəkildə pislənməlidir”.

 

YAP icra katibi xarici dövlətlərin Azərbaycanda prezident seçkilərində iştirak etmək istəyən namizədə maraq göstərməsinin özünün ölkənin daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey olmadığını söyləyib: “Bu gün özünün Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb bəyənilmək üçün xarici ölkəyə səfər edən insanlar Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələrin istəklərinə rəvac verirlər. Bu cür çağırışlara həvəslə gedən insanlar müstəqil ola bilməzlər və onların fəaliyyətləri Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, həmin xarici dairələrin mənafelərinə uyğundur”. 

Əli Əhmədov deyib ki, Azərbaycan vətəndaşlarının ictimai-siyasi sabitliyə böyük önəm vermələri, həmçinin dövlətin dinclik və əmin-amanlığı qorumaq iqtidarında olması bu cür qərəzli niyyətlərin reallaşmasına izin verməyəcək. Onun sözlərinə görə,  artıq 20-yə yaxın şəxs prezident seçkilərində iştirak etmək niyyətini ortaya qoyaraq öz namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyası tərəfindən namizəd qismində təsdiq olunublar: “Şübhəsiz, bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda bütün siyasi hüquq və azadlıqlar yüksək səviyyədə təmin edilib. Bu gün ölkəmizdə kifayət qədər çox sayda siyasi partiya və QHT-lər fəaliyyət göstərir, söz və mətbuat azadlığı təmin edilib. Azərbaycan dünya birliyinə və Avroatlantik məkana inteqrasiya kursunu seçib. Ona görə də demokratiya Azərbaycan üçün fəaliyyət prinsipidir. Ölkə məhz bu fundamental dəyərlər üzərində fəaliyyət göstərir və həmin dəyərlərin daha da möhkəmlənməsinə, inkişafına xüsusi diqqət yetirir. Bütün bunların məntiqi nəticəsi kimi, müasir dünya Azərbaycanın demokratik inkişafını olduqca yüksək qiymətləndirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar