EL” Hərəkatının rəhbəri Eldar Namazov sentyabrın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən dindirilib. Bu dəfə E.Namazov bir saatdan artıq dindirilib.
Eldar Namazov “musavat.com”a açıqlamasında qeyd edib ki, sentyabrın 2-də izahat verilməsi prosesi davam etdirilib.
E. Namazov bildirib ki,onlarla bağlı “bilərəkdən xəbərçilik edən şəxs artq ifşa olunub”: “Bu adam iddia edir ki, El Hərəkatı və Milli Şuranı SOROS Fondu maliyyələşdirir. Amma artıq neçə illərdir ki, bu qurum Azərbaycanda fəaliyyətini dayandırıb. Azərbaycanda heç bir proqram həyata keçirmir. Hamısı buna bənzər əsassız, gülünc ittihamlardır. Onun dediklərinin cavabı verildi”.
E.Namazov seçkiyə qədər özünə və həmfikirlərinə qarşı bu cür dindirilmələrin davamlı olacağını istisna etməyib: “Ancaq biz fəaliyyətimizi davam etdiririk. Təzyiq, qorxu bizi yolumuzdan döndərə bilməz”.
Qeyd edək ki, Ə. İbrahimov kütləvi informasiya vasitələrində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.