ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda dövlət katibinin köməkçisinin müavini Erik Rubinin Azərbaycana iki günlük səfəri başa çatıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfər zamanı E. Rubin Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov, xarici işlər nazirinin müavinləri Mahmud Məmmədquliyev və Araz Əzimovla görüşüb.
E. Rubin səfər zamanı Azərbaycanda yerləşən Amerika Ticarət Palatasının və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də bir araya gəlib.
Görüşlərdə qonaq demokratik, siyasi və iqtisadi islahatlar, regional təhlükəsizlik məsələləri, enerji layihələri də daxil olmaqla, ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib.