Prezident İlham Əliyev oktyabrın 10-da Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək başçılıq etdiyi nümayəndə heyəti adından dövlət başçısını prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə təbrik edib. O, prezident seçkiləri ilə bağlı ölkəmizin müxtəlif bölgələrində olduqlarını, seçicilərin, xüsusilə gənclərin yüksək fəallıq göstərdiklərini deyib.
Türkiyə-Azərbaycan birliyinin bu gün beynəlxalq aləmdə mühüm amil olduğunu qeyd edən prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Ölkəmizdə keçirilən prezident seçkilərinə toxunan dövlət başçısı seçkilərin nəticələrini son illər Azərbaycanda görülən işlərə xalqın verdiyi qiymət və gələcək inkişafla bağlı arzularının ifadəsi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Prezidenti İlham Əliyev bu gün həmçinin MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlət başçısını prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi inamlı qələbə münasibətilə ürəkdən təbrik edib. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan S. Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını deyib.
Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünü və seçki prosesinin demokratik şəraitdə keçdiyini deyib. Dövlət başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğulayıb və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.