Azərbaycan Respublikası gənc dövlətdir. Bugün də Gənc dövlətin aparıcı qüvvəsi kimi onun gəncləri çıxış edir Dövlətin adını yüksəklərə qaldırmaqdan ötrü bir çox işlər həyata keçirirlər. Sözsüz ki, görülən işlər təkcə Azərbaycanın daxilində deyil o cümlədən digər ölkələrdə də özünü büruzə verir. Gənclər siyasəti dövlətin qarşısına qoyduğu prioritet məsələlərdəndir və bu səbəbdən gənclərə dövlətin qayğısı hər zaman hiss olunmaqdadır. Bu cür qayğılardan biri də dövlətin xaricdə təhsil alan tələbələri dövlət proqramı əsasında maliyyələşdirməsidir. Sözsüz ki, bu gələcəyə hesablanmış bir addımdır. Xaricdə təhsil alıb gələn tələbələr artıq Avropa dəyərlərini mənimsəyən uğurlu bir kadr kimi dəyərləndiriləcəkdir.
Xaricdə təhsil alan gənclər də öz növbələrində Azərbaycanı təbliğ etmək, onun tarixini, mədəniyyətini öz təhsil aldıqları ölkələrin xalqlarına çatdırmaq üçün müxtəlif səpkidə işlər görürlər. Bu fəaliyyət növlərinin ən başlıcası tələbələrin təhsil aldıqları şəhərlərdə Azərbaycanı təbliğ edən sərgilərin keçirilməsi və bu sərgilərin həmin ölkələrin KİV-lərində işıqlandırılmasıdır. Sözsüz ki, bununla Azərbaycan gənclərinin fəaliyyəti bitmir xaricdə təhsil alan gənclərimizdən savayı istər xaricdə istərsə də Azərbaycanda fəaliyyət göstərib xaricdə Azərbaycanın təbliğatı ilə məşğul olan QHT-lər mövcuddur ki, onların da sayəsində xaricdə təhsil alan gənclər bir mərkəzdə birləşir və Azərbaycanın təbliğat maşını funksiyasını həyata keçirir. Şübhəsiz ki, bu işdə dövlətin də qayğısı danılmazdır.
Gənclər öz vətənlərini sevir, bu yöndə işləri sevə-sevə həyata keçirirlər. Sözsüz ki, Azərbaycanın təbliğatı məsələsində gənclərə maneə törətməyə çalışan Azərbaycana düşmən mövqedə olan ermənilərin fəaliyyəti sezilməkdədir, lakin, buna baxmayaraq gənclərin bir yumruq kimi bir olması və diaspor fəaliyyətini həyata keçirməkdə bir mərkəzdən idarə olunması düşmənin mənfur planlarının həyata keçməməsinə gətirib çıxarır.
Son dövrlərdə Azərbaycan həqiqətlərinin xüsusən də Qarabağda baş verən qətliamların, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən zəbt olunmasının dünya ictimaiyyətinə çatdırılması diaspor təşkilatları qarşısında duran əsas məsələlərdəndir. Bu işdə də xaricdə təhsil alan və yaşayan Azərbaycan gənclərinin aktivliyi özünü büruzə verir. Dünyanın müxtəlif ölkələrində təşkil olunan anım mərasimlərində, sərgilərdə və müxtəlif forumlarda Azərbaycan gəncləri aktiv iştirak edir, Azərbaycanın reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əllərindən gələni əsirgəmirlər.
Azərbaycan gəncləri öz vətənlərinə bağlıdır, göstərdikləri fəaliyyətlərində onları irəli aparan sözsüz ki, vətənə olan məhəbbət hissidir. Bu səbəbdən şübhəsiz ki, bugünkü gün təqdirə layiq haldır ki, Azərbaycanın gənclərin ölkəsi olduğunu desək heç də yanılmarıq.
Azərbaycan gəncləri vətənə, millətə və dövlətə bağlıdır və hər zaman vətənləri Azərbaycanın mənafeyini qorumağa hazırdırlar!
Hümbətov Tural
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin baş katibi