Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayan, müxtəlif mədəniyyətlərin toqquşduğu, tolerant mühitin hakim olduğu, fərqli dəyərlərin mövcud olduğu bir dövlətdir. Azərbaycan Şərqin bir parçası, eyni zamanda Qərb inkişaf yolunda irəliləyən müstəqil respublikadır. Bu gün Azərbaycan hansı yolu seçməli və perspektiv gələcəyin təmininə necə çalışmalıdır?
Bu gün Azərbaycan Avropaya inteqrasiya edən, bir sıra müasir standartları və yenilikləri əldə etməyə çalışan ölkələr sırasındadı. Lakin Avropaya inteqrasiya heç də o demək deyil ki, müasir dünyanın tələbləri fonunda Azərbaycana məxsus milli-mənəvi dəyərlər, uzun tarixi yol keçmiş ənənələr arxa planda qalmalıdır. Məlum olduğu kimi hər bir millətin tarixi kimliyini, mənliyini təsdiqləyən amil cəmiyyətdə hakim olan milli-mənəvi dəyərlərdir Azərbaycan Avropaya öz dəyərlərini saxlamaqla inteqrasiya etməlidir. Təəssüf ki, bu gün cəmiyyətdə müşahidə edilən bir sıra hallar milli dəyərlərin qorunub saxlanılması ilə bağlı bir qədər narahatçılıqlar doğurur ki, bu da əsasən müasir gəncliyin avropalaşması istiqamətdə gedən proseslərlə daha çox bağlıdır. Azərbaycan gəncliyinin seçdiyi yol həm milli-mənəvi dəyərlərin qorunub saxlanmasına ,həm də dünya birliyinin inteqrasion, islahatçı, novator xüsusiyyətlərinə əsaslanmalıdır. Yəni: milli mənsubluğun qorunmasıyla yeniliklərin qəbulu.
Azərbaycan coğrafi baxımdan Şərqə aid edilsə də, burada Avropa, Qərb mədəniyyətilə çulğalaşan bir çox nümunələr vardır. Azərbaycan cəmiyyəti yeniliklərə daim açıqdır. Belə olmasaydı Şərqdə və müsəlman aləmində ilk demokratik Cümhuriyyətdən, ilk parlamentdən, ilk operadan, ilk baletdən və bu kimi sadalanması mümkün olan ilklərdən söhbət getməzdi. Əsas məsələ yeniliyin nədən ibarət olması, cəmiyyətin milli-mənəvi dəyərlərinə uyğun gəlib gəlməməsi araşdırılmalıdır. Qərb həyat tərzi üçün normal qəbul olunan dəyərlər cəmiyyətimiz tərəfindən neqativ qarşılana bilər. Bu baxımdan hər hansı bir yeniliyin tətbiqinə çalışmazdan əvvəl ictimaiyyət üçün nə dərəcədə yaxınlığı, qəbul olunma dərəcəsi aydınlaşmalıdır. İlk öncə meyarlar təyin olunmalıdır: hansı yeniliklərin qəbulu cəmiyyətimiz tərəfindən maneəsiz qəbul oluna bilər; dövlətimizin milliyiliyini qorumaqla inkişafı üçün daha məqbul ola bilər. Bu işdə KİV üzərinə məsuliyyətli və çətin bir vəzifə düşür. Məlum olduğu kimi KİV cəmiyyətdə mövcud sosial-siyasi vəziyyətin dəyişməsinin əsas təsiretmə mexanizmlərindəndir. KİV hər hansı bir hadisəni qiymətləndirərkən birtərəfli baxış formalaşdırmamalıdır. Milli-mənəvi dəyərlərin təbliği, düzgün seçimin reallaşması üçün obyektiv mühitin reallaşmasına çalışmalıdır.
Postmodernizmin hakim olduğu bir dövrdə artıq insan üçün zəruri hesab olunan dəyərlər belə adiləşir. Özünü sivil , milli-mənəvi mühitin yüksək inkişaf səviyyəsinə çatan bir cəmiyyət kimi təsdiqləməsinə baxmayaraq Qərb cəmiyyətində bu vəziyyət daha çox nəzərə çarpır.
Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi – bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır. Qloballaşma dövrü sərhədlər tanımır. Dəyərlərin yayılması, bir-biri ilə qarşılıqlı təsiri, əvəzlənməsi prosesi çox asanlıqla baş verir. Optimal yol sağlam milli-mənəvi mühiti qoruyub saxlamaq, dəyərlərin itib, beynəlmiləlləşməsinin qarşısını almaqdan ibarətdir. XIX əsr Meydzi mədəni inqilabında yaponların bir şüarı vardı : “avropa biliyi + yapon ruhu”. Bu yolla da yaponlar həm elmi-texniki tərəqqinin ən yüksək zirvəsinə çatmağa nail oldular, həm də milli kimliklərini qoruyub saxlaya bildilər. Azərbaycan üçün də bu düstur keçərlidir. Biz həm Şərq, həm də Qərb mədəniyyətlərinin təsirlərini qiymətləndirməli, mümkün hesab olunanı qəbul etməli, həm də öz milli-mənəvi dəyərlərimizin qorunmasına nail olmalıyıq.
Dünya Azərbaycana qədim mədəniyyət, dövlətçilik beşiyi kimi baxır və ondan bir çox yenilikləri mənimsəyir. Təbii ki, qarşılıqlı olaraq Azərbaycan da dünyadan nümunəvi göstəriciləri əxz edir. Bu mənada Azərbaycan dovləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Qarşıya qoyulan əsas vəzifə ideologiyaların, milli-mənəvi dəyərlərin əvəzlənməsi ilə nəticələnən keçid dövründə ortaya çıxan daxili və xarici amilləri vaxtında və düzgün nəzərə almaqdan ibarətdir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı