Daha dörd nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxslər - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev barədə ayrı-ayrılıqda məlumat verib.
MSK katibi bildirib ki, namizədliyi təsdiq olunmuş bu şəxslərin təqdim etdiyi imza vərəqələri yoxlanıb, onların namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, BAXCP sədri Qüdrət Həsənquliyev MSK-ya 92 dairədən 44 min 111 imza təqdim edib, onlardan 40 min 324-ü etibarlı hesab olunub. MMP sədri Hafiz Hacıyev isə MSK-ya qeydə alınması məqsədilə 44 min 900 imza təqdim edib, bunlardan 40 min 286-sı etibarlı sayılıb. ASDP sədri Araz Əlizadə tərəfindən təqdim olunan 44 min 550 imzadan 40 min 250-si etibarlı sayılıb. Namizədliyinin qeydə alınması üçün MDHP sədri Fərəc Quliyev isə MSK-ya 45 min 333 imza təqdim edib, bunlardan 40 172-i etibarlı sayılıb.
Arifə Muxtarova qeyd edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir. MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxslərin namizədliyini qeydə alıb.
MSK Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin isə namizədliyini qeydə almayıb. Komissiyanın İşçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, onun tərəfindən MSK-ya 44 min 286 imza təqdim olunub, imzalardan 8 min 186-sı doğru olmadığından yoxlama prosesi dayandırılıb. Belə olan halda Fuad Əliyev 40 minlik imza baryerini keçə bilməyib. Bu da qanunvericiliyə əsasən onun namizədliyinin qeydə alınmasını mümkünsüz hesab edir.
Yığıncaqda MSK-nın 9 sentyabr tarixli iclas protokolu təsdiq olunub. Eyni zamanda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
Qeyd edək ki, buna qədər MSK tərəfindən prezident İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin və Milli Məclisin deputatı Zahid Orucun namizədliyi qeydə alınıb. Ümumilikdə indiyədək 21 nəfərin namizədliyi təsdiqlənib. Cəmil Həsənli, Əhməd Oruc, Sərdar Məmmədov (Sərdar Cəlaloğlu), Əli Əliyev, İlyas İsmayılov, İlqar Məmmədov (ReAL hərəkatı) da imza vərəqələrini MSK-ya təqdim ediblər. “Milli Şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi isə təsdiq olunmayıb. Üç nəfər - Əli İsa Ağaevli, İlqar Məmmədov (İlqar Altay), Qüdrət İsaqov öz təşəbbüsləri ilə seçkidə iştirakdan imtina edib. Elşən Həsənov, Yusif İsmayılov, Rauf Quliyev, Hidayət Rüstəmbəyli, Ərəstun Oruclu isə tələb olunan 40 min imzanı toplaya bilməyiblər.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.