Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpin Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Lent. az-ın məlumatına görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir.
Çinlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm. Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram”.