Çin Azərbaycan Silahlı Qüvvələrinə təmənnasız hərbi yardım göstərəcək.
APA-nın məlumatına görə, yardım Azərbaycan və Çin Müdafiə nazirlikləri arasında cari ilin yanvar ayının 21-də imzalanmış Saziş əsasında həyata keçiriləcək.
Saziş çərçivəsində Çin tərəfi Azərbaycan Silahlı Qüvvələrinə 3 milyon yuan (490 min ABŞ dolları) məbləğində təmənnasız hərbi əmlak yardımı göstərəcək. Əmlakın konkret növləri və miqdarı tərəflər arasında əlavə olaraq bağlanılan protokolla təsdiq olunacaq.
Sazişi Azərbaycan tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi, 1-ci dərəcəli kapitan Nurulla Əliyev, Çin tərəfdən isə bu ölkənin Müdafiə Nazirliyinin Xarici işlər dəftərxanasının rəis müavini, general-mayor Çi Quovey imzalayıb.
Qeyd edək ki, 2011-ci ildə dövlətlər arasında imzalanmış protokol çərçivəsində Çin Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə 6 milyon Çin yuanı (təxminən 951 067 ABŞ dolları) məbləğində təmənnasız hərbi əmlak yardımı göstərib.