Mayın 15-də Azərbaycanın Belçikadakı səfirliyi və ARDNŞ-in (SOCAR) Brüssel ofisinin təşkilatçılığı ilə Avropa Parlamentində “Azərbaycan gecəsi” adlı tədbir keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Səməd Seyidov, Avropa Parlamenti aparatının əməkdaşları, Avropa İttifaqının müxtəlif qurumlarının nümayəndələri, yerli KİV nümayəndələri, Belçika ictimaiyyətinin və Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Kristina Oyland və Milli Məclisin üzvü Səməd Seyidov çıxış edərək, Azərbaycanın son 20 ildə qət etdiyi yol, Avropa İttifaqı – Azərbaycan əlaqələri və Azərbaycan mədəniyyəti və musiqisinin zənginlikləri barədə danışıblar. Tədbir rəsmi çıxışlardan sonra Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında caz konserti ilə davam etdirilib. Tədbir Brüsseldə fəaliyyət göstərən xəbər agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılıb.