“Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımını Böyük Britaniya parlamentarları qətiyyətlə pisləyir”. Parlamentdən APA-ya verilən məlumata görə, bunu Bakıda səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer bu gün Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu ilə görüşündə bildirib.
O qeyd edib ki, Xocalı soyqırımı kimi təcavüzləri Britaniya parlamenti qətiyyətlə pisləyir.
K.Pinçer azərbaycanlı həmkarlarını əmin edib ki, ölkəsini bu münaqişənin həllinin sürətlənməsinə vadar edəcək: “Biz öz hakimiyyətimizi münaqişənin həllinə səy göstərməyə sövq edəcəyik”. O, həmçinin Azərbaycanın məcburi köçkünlərinin həyat şəraiti ilə tanışlıq üçün sabah Gəncəyə gedəcəklərini bildirib.
Z.Əsgərov qonağa müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan söz açıb. Dövlət quruculuğunda və iqtisadiyyatın inkişafında qazanılmış nailiyyətlərdən Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edib. Demokratikləşmə istiqamətində atılan qətiyyətli addımlardan danışıb. Ölkəmizdə insan haqlarına və hüququn aliliyinə, həmçinin təhlükəsizlik məsələlərinə xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, Azərbaycan islam ölkəsi olsa da, Avropa dəyərlərinə üstünlük verir və Avropaya inteqrasiya edir. Görüş zamanı hazırkı səfərin təşkilində Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi hər iki tərəfdən minnətdarlıqla qeyd olunub.