Britaniyalı deputatlar Azərbaycan XİN-də olub
03 iyun 2013 22:25 (UTC +04:00)

Britaniyalı deputatlar Azərbaycan XİN-də olub

0

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə APA XİN mətbuat xidmətinə istinadən məlumat verir.

 

Kristofer Pinçer Azərbaycana növbəti səfərlərindən məmnun olduqlarını və belə səfərlərin müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Böyük Britaniyanı Azərbaycanın strateji mütəffiqi adlandıran Xələf Xələfov, Azərbaycanın Britaniya ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

 

Nazir müavini Xəzərin Azərbaycan sektorunda xarici şirkətlər, o cümlədən Böyük Britaniya şirkətləri ilə birgə həyata keçirilən nəhəng layihələrin digər sahələrdə əməkdaşlığın inkişafı üçün baza rolunu oynadığını, ölkələrimiz arasında mövcud olan potensialdan səmərəli istifadə edilməli olduğunu bildirib. Xələf Xələfov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını və bu məqsədə yönəlmiş “Cənub dəhliz”ini və Transxəzər qaz layihəsini dəstəklədiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın regionda oynadığı rol və həyata keçirilən regional layihələr haqqında Britaniyalı deputatlara məlumat verib. 

 

Qonaqlar Azərbaycana səfərləri çərçivəsində məcburi köçkünlərin yaşadığı şəhərciyə baş çəkdiklərini, onların böyük ədalətsizliyə məruz qaldıqlarını və tezliklə öz yurd-yuvalarına qayıtmalarının zəruriliyini bildiriblər.

 

Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı danışan Xələf Xələfov, münaqişənin həlli istiqamətində ən böyük maneənin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam etməsi olduğunu göstərib. O, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkün olduğunu, qeyri-konstruktiv mövqenin münaqişənin həllinə mənfi təsir göstərdiyini qeyd edib.

 

Britaniyalı deputatlar Azərbaycanın regiondakı rolunu və terrorizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirmiş və ölkəmizi regionda Britaniyanın müttəfiqi adlandırıblar.

 

Xələf Xələfov, həmçinin Britaniya parlamentinin üzvlərinin müxtəlif mövzulara dair suallarını cavablandırıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar