Braziliya deputatları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müraciət qəbul edib
20 dekabr 2013 19:33 (UTC +04:00)

Braziliya deputatları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müraciət qəbul edib

Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsi tərəfindən Braziliya ilə əlaqələrin möhkəmləndirilməsinə təkan verən Embraer təyyarələrinin alınması münasibətilə Azərbaycanı təbrik etməsinə, eyni zamanda, Azərbaycan və Ermənistan respublikalarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılması çağırışına dair müraciət qəbul olunub.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan hökumətinə ünvanlanmış bu müraciət Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsinin üzvü və sədri Rodriqo Mayanın 11 dekabr tarixli təklifi əsasında həmin komitə tərəfindən qəbul olunub.

 

Müraciətdə Braziliya ilə əlaqələrin möhkəmləndirilməsini təşviq edən və iki ölkə arasında məhsuldar işgüzar əməkdaşlığa təkan verən  AZAL tərəfindən Embraer təyyarələrinin alınması ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür ifadə edilib.

 

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bildirilib: “Eyni zamanda, biz ATƏT-in Minsk Qrupunu, Ermənistan və Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq və ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılmasına çağırırıq”.

 

XİN-in mətbuat xidmətindən o da bildirilib ki, Azərbaycanın yürütdüyü fəal siyasət nəticəsində son dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi dünya ölkələrinin parlamentlərinin və yerli qanunverici orqanlarının gündəliyinə çıxarılıb.

 

Bu xüsusda, dünya ölkələrinin qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət soyqırımı kimi tanınıb və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağıran bəyanatlar verilib.

 

Bu sırada Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya parlamentləri və Texas, Yeni Meksika, Arkansas, Oklahoma, Pensilvaniya, Konnektikut, Qərbi Virciniya, Nyu Cersi, Tenessi və sair kimi ABŞ-ın 18 ştatının yerli qanunverici orqanları qeyd oluna bilər.

 

Bu ilin 6-7 fevral tarixində Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və insanlığa qarşı cinayət olan bu soyqırımı əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilib.  

 

9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində İslam əməkdaşlıq təşkilatının (İƏT) Xarici işlər nazirləri şurası tərəfindən qəbul olunan qətnamədə isə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd əksini tapıb. Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanıb, üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895
avatar

Oxşar yazılar