BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser 29 mayda başlayacaq və 1 iyuna qədər davam edəcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumda iştirak etmək üçün Azərbaycana gələcək.
BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumata görə, Əl-Naser Forumun açılışında ölkə prezidenti İlham Əliyevdən sonra ikinci çıxışçı olacaq. “Fərqli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında keçirilən Forumda cənab Əl-Naser BMT-nin Sivilizasiyalar Alyansının bu sahə üzrə gördüyü işlər və prioritetləri, o cümlədən dünyanın bu gün üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün ata biləcəyi addımlardan danışacaq.
Səfər zamanı N.Əl-Naser YUNESKO və İSESKO ilə birgə Milli Tolerantlik Mərkəzinin açılışında iştirak edəcəkdir. Mərkəzin məqsədi etiqadlararası tolerantlıq və qarşılıqlı hörməti dəstəkləməsi və təbliğ etməkdir.
Bakıya səfəri çərçivəsində N. Əl-Naserin Azərbaycan prezidenti ilə görüşü planlaşdırılır.