Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli İsveçrənin ən nüfuzlu dərgilərindən biri olan “Diva International” jurnalına müsahibə verib. Lent.az-ın məlumatına görə, jurnalın dekabr sayında yer alan müsahibədə M.Nəcəfbəyli müstəqilliyimiz bərpa ediləndən sonra Heydər Əliyevin rəhbərliyi və prezident İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin siyasi, iqtisadi-sosial, diplomatik və mədəni sahələrdə əldə etdiyi uğur və nailiyyətlər haqqında məlumat verib, Daimi Nümayəndəliyimizin fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmaqda olduğuna diqqəti yönəldən M.Nəcəfbəyli TAP və TANAP enerji layihələrinin önəmindən bəhs edib.
Beynəlxalq müstəvidə ölkəmizin donor ölkə qismində əhəmiyyətinin artmaqda olduğunu vurğulayan M.Nəcəfbəyli Azərbaycan hökumətinin fəaliyyət istiqamətləri və tədbirləri haqqında məlumat verib.
Cənubi Qafqazın gələcəyi ilə bağlı “Diva International” dərgisinin sualını cavablandıran M.Nəcəfbəyli ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu və 1 milyona yaxın Azərbaycanlı əhalinin doğma yurdlarından didərgin salındığını bildirib. Səfir regionda davamlı sülh və təhlükəsizliyin təminatı üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyması və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının vacibliyini qeyd edib.