APA-nın verdiyi xəbərə görə, ronqresmen Çarlz Dentin təbrik məktubunda İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, Azərbaycan-ABŞ münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Senator Linda Koleman təbrik məktubunda Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasətin aparılmasını, yoxsulluğun aradan qaldırılmasını, 400-dən çox regional səhiyyə müəssisəsinin açılmasını, təhsilin inkişafı sahəsində qazanılan uğurları yüksək qiymətləndirib.
İnamlı qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edən Nümayəndələr Palatasının üzvü Rodrik Hempton Skott yazıb: “Azərbaycan xalqını azad seçimi və bu demokratik prosesdə qələbəniz münasibətilə Sizi təbrik edirəm. Bu, əlbəttə ki, hər bir siyasi xadimin öz vətəndaşlarından ala biləcəyi ən yüksək qiymətdir. Sizin liderliyiniz altında Azərbaycan ABŞ-ın, Avropanın, Asiyanın və Yaxın Şərqin yolayrıcında ən sadiq regional tərəfdaşına çevrilib. Bu məsələdə Sizin böyük xidmətləriniz var. ABŞ-Azərbaycan əlaqələri bir sıra istiqamətlər üzrə uğurla inkişaf edir və Sizin səyləriniz sayəsində bunun davamlı olacağına inanıram”.
Nümayəndələr Palatasının üzvü Lans Quden təbrik məktubunda qeyd edib ki, prezident İlham Əliyevin yüksək səyləri, qətiyyətli mövqeyi sayəsində Azərbaycan-ABŞ əlaqələri son 10 ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “ABŞ-Azərbaycan iqtisadi əlaqələri çox dərindir. Siz bu əlaqələri yeni təşəbbüslərlə zənginləşdirmisiniz. Bu əlaqələrin çox yaxşı normativ-hüquqi bazası var. Əminik ki, bütün sahələrdə əlaqələrimiz qarşıdakı illərdə də davam edəcək. Bu məsələdə biz Sizə çox inanırıq. Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.
Nümayəndələr Palatasının üzvü Co Dorman qeyd edib ki, İlham Əliyevin prezident seçkilərindəki qələbəsi xalq qarşısındakı müstəsna xidmətlərinin təsdiqidir. O qeyd edib ki, prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ABŞ ilə bir çox sahələrdə tərəfdaşlıq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib. Co Dorman prezident İlham Əliyevin rəhbərliyinin növbəti mərhələsində Azərbaycanın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan bu gün İlham Əliyevin liderliyi ilə regionun nüfuzlu dövlətlərindən birinə çevrilib.
Azərbaycanın ABŞ-ın etibarlı ticarət tərəfdaşı olduğunu bildirən Nümayəndələr Palatasının üzvü Mark Takainin məktubunda deyilir: “Biz amerikalı qanunvericilər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli roluna görə Sizə təşəkkür edirik. Bu məsələ məhz Sizin Prezidentliyiniz dövründə prioritet xarakter alıb. “Cənub qaz dəhlizi” üçün əhəmiyyətli olan Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərləri Azərbaycanın təbii ehtiyatlarının strateji əhəmiyyətini təsdiq edir. Bu kəmərlər həm Azərbaycanın rolunu, həm də bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyini gücləndirir”.
Nümayəndələr Palatasının üzvü Hank Zuber də prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edərək qeyd edib ki, növbəti seçkilərdə seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən ali dövlət vəzifəsinə seçilmək Azərbaycan xalqının dərin inamının təsdiqidir. Seçkilərin ədalətli, şəffaf, demokratik keçirilməsi münasibətilə Azərbaycan xalqını və prezident İlham Əliyevi təbrik edən Hank Zuber qeyd edib ki, Azərbaycan bir çox millətlərin, dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı tolerant ölkədir. Onun sözlərinə görə, bu amillər Azərbaycan cəmiyyətinin fundamental dəyərləridir, ölkəni güclü edən də məhz bu dəyərlərdir.
Prezident İlham Əliyevi 9 oktyabr seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Nümayəndələr Palatasının üzvü Skott Pelat isə təbrik məktubunda ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əminliyini bildirərək qeyd edib: “ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Bir amerikalı olaraq mən Sizin bu sahədəki xidmətlərinizi yüksək qiymətləndirirəm. Mən Dağlıq Qarabağın sülh yolu ilə Azərbaycana qaytarılmasını arzulayıram. Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə ölkənizi daha da inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram. İnanıram ki, Siz Azərbaycanı daha yüksək inkişaf mərhələsinə çıxaracaqsınız”.