Dekabrın 19-da Azərbaycanın Ədliyyə Nazirliyində Bakıda səfərdə olan Belarusun ədliyyə nazirinin müavini xanım Alla Bodakla görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkəmizin ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşən qonaq yüksək beynəlxalq imicə malik olan ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edib.
O, Azərbaycanın hərtərəfli dinamik inkişafını, tolerant ölkə olmasını təqdir edib, hüquq sistemlərimiz arasında oxşarlıqların olduğunu bildirərək, ölkəsində də məhkəmə-hüquq sistemində islahatların getdiyini, təcrübə və fikir mübadiləsinin hər iki tərəf üçün böyük əhəmiyyətini vurğulayıb.
Xanım A.Bodak Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki islahatlar, o cümlədən son illər nazirliyin səlahiyyətlərinin genişləndirilməsi, müxtəlif reyestrlərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati ədliyyənin, xüsusi notariat institutunun, Ədliyyə Akademiyasının fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, penitensiar sistemin inkişafı, infrastrukturun müasirləşdirilməsi barədə məlumatlandırılıb, elektron xidmətlərin tətbiqi, xüsusilə ölkə başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyətinə heyran qalıb.
Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov qonaqla görüşüb. Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir hüquqi sahədə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ötən il Minskə səfəri zamanı belaruslu həmkarı ilə məhsuldar danışıqların aparıldığını vurğulayıb, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.
Qonaq ədliyyə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının uğurlarını təqdir edib, Belarus ədliyyə nazirinin salamlarını Azərbaycanın ədliyyə nazirinə çatdırıb. A.Bodak, həmçinin nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Qeyd edək ki, Azərbaycanda xarici ölkələr, o cümlədən Belarusla hüquqi sahədə əməkdaşlığın inkişafına mühüm önəm verilir. 1999-cu ildə iki ölkənin ədliyyə nazirlikləri arasında, 2012-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı məhkəmə ekspertizası sahəsində imzalanmış əməkdaşlıq haqqında sazişlər qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə olub.