BAXCP Xilaskar Türk Əsgərlərini andı
24 aprel 2013 16:31 (UTC +04:00)

BAXCP Xilaskar Türk Əsgərlərini andı

0

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər bu gün Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

 

BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, türk əsgər və zabtlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.

 

Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaq. 1918-ci il hadisələri, erməni hərbi birləşmələri tərəfindən onminlərlə dinc müsəlman türkün və bu torpaqlarda yaşayan digər milli azlıqların təmsilçilərinin qətlə yetirilməsi, qəhrəman Türk əsgər və zabitlərinin rəşadəti nəticəsində törədilən amansız cinayətlərin qarşısının alınması sübuta yetirir ki, Türklər bütün dövrlərdə yalnız xilaskar missiyasını yerinə yetiriblər: “Tarix və onun bu günə kimi qorunan təkzibolunmaz faktları ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasətidir. Türk əsgər və zabitləri isə öz soydaşları ilə yanaşı bu coğrafiyada yaşayan digər millətləri də erməni zülmündən xilas ediblər. Öz canları və qanları bahasına milyonlarla insanın azad və təhlükəsiz yaşamına zəmin yaradıblar. Əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü ilə baxarsa, o zaman 24 aprelin ”erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər”. 

 

BAXCP sədri qondarma iddiaların uzun müddət ayaq tutub yeriyəcəyinə inanmadığını da dilə gətirib: “Tarix yalnız gerçəklikləri qoruyub saxlayır və mən tarixi ədalətin bərpa olacağına, təcavüzkar Ermənistanın və erməni faşistlərinin Türkiyə və Azərbaycan türklərinə qarşı həyata keçirdikləri cinayətlərə görə cavab verəcəklərinə inanıram. O gün bizim azadlığımız uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu da şad olacaq”.

Qüdrət Həsənquliyev çıxışının sonunda xilaskar Türk əsgərlərinin xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğulayıb: “Bakının mərkəzi meydanlarından birində Nuru paşaya və xilaskar türk əsgərlərinə abidə ucaldılmalı və gələcək nəsillər Türkiyə və Azərbaycan türklərinin tarixi birliyindən, eləcə də insanlıq naminə canını fəda edən qəhrəmanlardan örnək götürməlidirlər”.

 

Qeyd edək ki, hər il aprelin 24-nün Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd olunması təşəbbüsü ilə ilk dəfə Qüdrət Həsənquliyev çıxış edib. O gündən etibarən BAXCP üzvləri hər il aprelin 24-də bu günü qeyd ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 695

Oxşar yazılar