«Xocalı» aeroportu ilə bağlı məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının rəhbərliyi ilə müzakirə olunub
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 38-ci sessiyası çərçivəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Fuad Quliyev ICAO-nun baş katibi Raymon Bencamin ilə görüşüb.
DMAA-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın aviasiya hakimiyyəti ilə ICAO arasında inkişaf edən münasibətlər müzakirə edilib. Həmçinin Azərbaycanın işğal olunmuş ərazisindəki “Xocalı” aeroportuna uçuşların yerinə yetirilməsi məsələsinə toxunulub.
ICAO-nun baş katibi ərazi bütövlüyü BMT tərəfindən tanınan və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsi ilə təsdiq edilən Azərbaycan Respublikasının ərazisi üzərindən icazəsiz uçuşların yerinə yetirilməsinin yolverilməz olduğunu bildirib. Görüşdə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun (Parisdə yerləşir) direktoru Luis Fonseka de Almeyda iştirak edib.
«Xocalı» aeroportu ilə bağlı məsələ Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Toni Taylerlə görüşdə də müzakirə olunub. Azərbaycan tərəfinin “Xocalı” aeroportuna uçuşların təşkilinin qarşısının alınmasına yönəlmiş səylərinin dinc xarakter daşıdığını qeyd edən IATA rəhbərliyi ICAO-nun mövqeyini dəstəklədiyini və işğal altında olan ərazi ilə müntəzəm hava əlaqəsinin qurulması cəhdlərinə mənfi yanaşdığını vurğulayıb.