“Alternativ xidmət haqqında” qanun layihəsinin qəbulu məsələsi ətrafında səslənən bütün mənfi və müsbət fikirlərin məntiqini qəbul edirəm”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.
Bahar Muradova hesab edir ki, bu sənədin indiki dövrdə qəbulunun tərəfdarı, yaxud, əleyhdarı olan hər bir kəsin də özünə görə məntiqi var və bu da kənardan çox inandırıcı görünə bilər: “Elə görünür də. Ancaq nə qədər ki Azərbaycan müharibə vəziyyətindədir, nə qədər ki torpaqlarımız işğal altındadır, işğaldan azad olunmayıb, o zaman Azərbaycanın öz ərazilərini öz suveren hüquqlarından istifadə edərək azad etmək imkanına xələl gətirə biləcək hər hansı bir addımdan bəri-başdan çəkinilməlidir. “Alternativ xidmət haqqında” qanun Qarabağ münaqişəsi bitdikdən sonra qəbul edilməlidir. Mənim şəxsi mövqeyim bundan ibarətdir. Amma bu məsələ ilə əlaqədar başqa mövqeni ortaya qoyanları da tənqid etmirəm, onlara da elə bir ciddi iradım yoxdur. Hesab edirəm ki, onlar da məntiqli tələbi ortaya qoyurlar. Amma mənə elə gəlir ki, biz hər halda başlıca olana üstünlük verməliyik. Sadəcə, bizim öhdəliyimiz var və ya biz kiməsə bu qanunu qəbul etməyə söz vermişik deyə, bunu qəbul etmək, yaxud da məhdud bir çərçivədə alternativ xidmət şəraitinin yaradılması yönündə insanların mənafeyini nəzərə alaraq fikirlər yürütmək istəsək, bəli, onda deyə bilərik ki, qanun qəbul edilməlidir. Amma Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyini, torpaqlarımızın gələcəkdə bütün imkanlardan istifadə edilərək azad olunması məqsədi ortada olduğunu nəzərə alaraq, bu məsələnin qəbulunda müəyyən qədər ləngliyə haqqımız var”.