Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirir
03 oktyabr 2013 17:17 (UTC +04:00)

Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirir

Bu gün Avropada yaşayan azərbaycanlılar Brüsseldə Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirəcək.

 

Avropa Azərbaycanlıları Konqresinin icraçı direktoru Samira Patzer-İsmayılovanın Lent.az-a verdiyi məlumata görə, aksiyanın keçirilməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır.

 

Aksiyada münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırım və terror aktları, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndiriləcək. Aksiyada Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Aİ tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunması, ümumiyyətlə bütün dünya birliyinin  bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanat da səslənəcək. Aksiyada Avropada fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatları iştirak edəcək. Bunun üçün şəhər meriyasından müvafiq icazə də alınıb.

Qeyd edək ki, dünən bəzi kütləvi informasiya vasitələrində Brüssel Şəhər Meriyası tərəfindən  aksiyanın keçirilməsini məqsədəuyğun hesab edilmədiyi və azərbaycanlı fəallara etiraz cavabı verildiyinə dair dəqiqləşdirilməmiş informasiya yayılıb. Aksiyanın əsas təşkilatçısı olan Avropa Azərbaycanlıları Konqresindən bu məlumatın doğru olmadığı və aksiyanın keçirilməsi üçün bütün instansiyalardan razılığın alındığı bildirilib. Aksiya yerli vaxtla saat 15.00-dan 17.00-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar