Azərbaycanla AB arasında əməkdaşlıq məsələləri müzakirə olunub
03 oktyabr 2013 00:07 (UTC +04:00)

Azərbaycanla AB arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Oktyabrın 1-də Bakıda Azərbaycan-Avropa Birliyi (AB) Əməkdaşlıq Komitəsinin 14-cü iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa İttifaqını isə qurumun Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, ATƏT və Regional Əməkdaşlıq üzrə direktoru Qunnar Viqandın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

İclasda Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində fəaliyyət və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Görüşdə Aİ ilə Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi sazişinin paraflanmasından məmnunluq ifadə edilib. Azərbaycan tərəfi bu sənədlərin bu ilin 28-29 noyabrində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Toplantısı zamanı imzalana bilməsi üçün lazım olan hüquqi prosedurların sürətləndiriləcəyinə ümid etdiyini qeyd edib.

 

Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bununla bağlı Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm rolu vurğulanıb və Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

İclasda, həmçinin Azərbaycanda seçkiqabağı vəziyyət, demokratiya, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar