XİN mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, bu gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. XİN-dən notanın detallarını açıqlamayıblar.
Qeyd edək ki, İran tərəfi artıq şifahi şəkildə iki Azərbaycan vətəndaşının saxlanılmasını təsdiq edib.
Xatırladaq ki, APA-nın “Oyannews”a istinadən məlumatına görə, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin yardımçısı, adının isə Şamxal olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.