Milli Məclisin sədri Oqtay Əsədov Braziliya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun başçısı Kladio Kajadonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, sədr Azərbaycanın Braziliya ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
O. Əsədov qeyd edib ki, yüksək səviyyəli siyasi əlaqələr digər sahələrə də öz müsbət təsirini göstərir: “Biz iqtisadi-ticari əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik. Bu məqsədlə hökumətlərarası komissiyanın yaradılması məqsədəmüvafiq olardı”.
K. Kajado III Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından, burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib.
Görüşdə Azərbaycanın Braziliyadakı səfiri Elçin Sultanov, Braziliyanın Azərbaycandakı səfiri Santiago Alkazar və digər rəsmi şəxslər iştirak ediblər.