NATO və Azərbaycan arasında növbəti görüş keçirilib. Azərbaycanın NATO yanında daimi nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, görüş NATO-nun mənzil-qərargahında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində baş tutub.
Tədbirə ölkəmizin aidiyyəti dövlət qurumlarının nümayəndələri, NATO-nun üzv və bir sıra tərəfdaş ölkələrinin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssisləri qatılıb. Azərbaycanda aparılan müdafiə islahatları, qarşılıqlı əməkdaşlıq və NATO qüvvələri ilə uyarlılıq məsələləri müzakirə edilib və alyans əməliyyatlarına Azərbaycanın töhfəsi yüksək qiymətləndirilib. Görüş NATO ekspertlərindən ibarət qrupun 9 - 12 apreldə ölkəmizə səfərinin nəticələrinə əsasən, həyata keçirilib.
Görüşdə Azərbaycanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidmətinin rəsmiləri, həmçinin NATO yanında nümayəndəliyin əməkdaşları iştirak ediblər.