Azərbaycan Xarici İşlər Nazirliyi və Şri Lanka Demokratik Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair protokol imzalanıb
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gamini Lakşman Peiris ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şri Lankanın xarici işlər naziri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, bu münasibətlərin iqtisadi, ticarət, investisiyalar, enerji və turizm sahələrini də əhatə etməsinin əhəmiyyətli olduğunu söyləyib.
Gamini Lakşman Peiris Azərbaycanı regionun iqtisadi inkişafına nail olmuş ölkə kimi səciyyələndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini onun artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirib. Elmar Məmmədyarov isə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Elmar Məmmədyarov Şri Lankanın çay istehsalı sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin olduğunu qeyd edib. O, mədəniyyət, enerji, turizm, dəniz nəqliyyatı sahələrində əməkdaşlıq üçün imkanların olduğunu nəzərə çatdırıb. Gamini Lakşman Peiris də öz növbəsində Azərbaycanın enerji sahəsində tarixi ənənələrinin və zəngin təcrübəsinin olduğunu nəzərə alaraq, bu istiqamətdə iki ölkənin əməkdaşlığı üçün geniş imkanların olduğunu vurğulayıb.
Elmar Məmmədyarov müharibədən sonra Şri Lankanın əldə etdiyi tərəqqini yüksək qiymətləndirib. O, həmsöhbətinin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək, Ermənistanın öz işğalçı siyasəti ilə regionda gedən inkişaf proseslərindən təcrid etdiyini, bu ölkənin təcavüzkar və işğalçı siyasətindən əl çəkəcəyi təqdirdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə baş tutan regional inkişaf proseslərindən faydalana biləcəyini dilə gətirib. Görüşdə hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi və Şri Lanka Demokratik Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair protokol imzalanıb.