Azərbaycan prezidentinə Türkiyənin “Dövlət Nişanı” təqdim edildi - YENİLƏNİB
12 noyabr 2013 19:16 (UTC +04:00)

Azərbaycan prezidentinə Türkiyənin “Dövlət Nişanı” təqdim edildi - YENİLƏNİB

Abdulla Gül: “Bu nişan eyni millətin iki parçası olan dövlətlərin qardaşlıq əlaqələrini gücləndirmək baxımından önəmlidir”


 

Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə Türkiyə prezidenti tərəfindən “Dövlət Nişanı” verilib. APA-nın Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, İ. Əliyev də əvəzində A. Gülə “Heydər Əliyev” ordenini təqdim edib.

 

Tədbirdə çıxış edən A. Gül Türkiyənin ən yüksək medalının İ. Əliyevə verilməsindən sevinc duyduğunu bildirib. O, medalın iki ölkə arasında münasibətləri daha da şərəfləndirəcəyini vurğulayıb. A. Gül “Dövlət Nişanı”nın daha öncə Heydər Əliyevə də təqdim olunduğunu xatırladıb.

 

Türkiyə prezidenti Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə önəm verdiklərini deyib: “Bu nişan eyni millətin iki parçası olan dövlətlərin qardaşlıq bağlarını gücləndirmək baxımından önəmlidir. Son 10 ildə etdiyim hər səfərdə Azərbaycanın mahir əllərdə necə dəyişdiyini müşahidə etdim. Heydər Əliyev medalı üçün Azərbaycan xalqına ən səmimi duyğularımla təşəkkür edirəm. Atalarımızı və əziz şəhidlərimizi sayğı ilə anıram. Yaşasın can Azərbaycan, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”.


Prezident İlham Əliyev isə çıxışında bu günün əhəmiyyətinə diqqət çəkib: “Bu gün mənim üçün tarixi bir gündür. Bu nişan da mənim üçün bir şərəfdir”.

 

Türkiyənin Azərbaycan üçün ən yaxın dost, qardaş və müttəfiq olduğunu söyləyən İ. Əliyev iki ölkə arasındakı birliyin bütün bölgə üçün həyati önəm daşıdığını qeyd edib: “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər özünü güvəndə hiss edəcək. Biz istəyirik ki, birliyimiz əbədi, sarsılmaz olsun”.

 

Qeyd edək ki, səfərdə Azərbaycan prezidentini xanımı Mehriban Əliyeva, baş nazirin müavini Abid Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov, sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov müşayiət edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471
avatar

Oxşar yazılar