Azərbaycan Milli Platformasından APA-ya daxil olan məlumatına görə, bəyanatında bildirilir ki, Avronest Parlament Assambleyasının 27-28 mayda Belçikanın paytaxtı Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirakları ilə bağlı məsələnin salınmasını Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunda Azərbaycan Milli Platforması (AMP) narahatlıqla qarşılayıb.
Bəyanatında bildirilir ki, AMP Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin aprelin 4-5-də İrəvanda keçirilmiş toplantısında “Şərq Tərəfdaşlığı – regionları ilə bağlı təklifini müzakirə edib və bununla bağlı münasibətini elə həmin ay Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumu İdarə Heyətinə ünvanladığı müraciətdə əks etdirib. AMP bir daha fikrində qalaraq bəyan edir ki, Azərbaycanın işğal altında olan ərazilərindəki erməni icmasının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna müraciətləri yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində baxıla bilər. Bunun üçün isə öncə həlledici addımların atılması zəruridir.
“Azərbaycan Milli Platforması olaraq, bir daha fikrimizdə qaldığımızı bildirərək bəyan edirik ki, Azərbaycanın işğal altında olan ərazilərindəki erməni icmasının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna müraciətləri yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində baxıla bilər. Bunun üçün isə öncə həlledici addımların atılması zəruridir.
1. Azərbaycan Respublikasının işğal altında olan əraziləri Ermənistan tərəfindən azad olunmalıdır.
2. Bölgədə sülh təmin olunmalı və Azərbaycan vətəndaşları olan hər iki icmanın ( erməni və azərbaycan icmalarının) nümayəndələrinin Dağlıq Qarabağda bərabər hüquqlu şəraitdə yaşayışı təmin olunmalıdır.
3. Daha sonra isə hər iki icma arasında sivil əməkdaşlıq münasibətlərinin formalaşması üçün zəmin yaranmalıdır.
4. Bu zəruri addımlar atıldıqdan sonra Azərbaycanın erməni əsilli vətəndaşlarının təmsilçiləri Azərbaycan Konsititutsiyasında təsbit olunmuş hüquqlar çərçivəsində qanuni fəaliyyət göstərə və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan Milli Platforması kimi seçimlərə qatıla və iştirak edə bilərlər", deyə bəyanatda bildirilir.
Bəyanatda həmçinin bildirilir: “Nəzərə alsaq ki, Şərq Tərəfdaşlığının fəlsəfəsi və hüquqi prinsipi məhz tanınan ərazilər və ölkələrlə əməkdaşlıqdır, o halda bu təklifin Avronestin plenar iclasının gündəliyinə salınması qurumun soykəndiyi hüquqi prinsipləri kobud şəkildə pozur. Diqqətinizə bir daha çatdırırıq ki, bu gün Dağlıq Qarabağ dünya tərəfindən Azərbaycanın işğal altında olan ərazisi kimi tanınırsa və həmin ərazilərdə formalaşmış qondarma qurumun legitimliyi heç bir dövlət və beynəlxalq qurumlar tərəfindən tanınmırsa, o halda həmin ərazilərdə formalaşmış QHT-lərin də nə statusu, nə də fəaliyyəti qanuni hesab oluna bilməz. Legitim hesab olunmayan vətəndaş cəmiyyəti isə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsil oluna bilməz”.
Xatırladaq ki, Avronest Parlament Assambleyasının 27-28 mayda Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirakları ilə bağlı məsələ salınıb. Bununla bağlı mayın 21-də Avronest Parlament Assambleyasının üzvü, millət vəkili Azay Quliyevlə Milli Platformanın bir qrup üzvünün görüşü keçirilib.