Litva xarici işlər nazirinin müavini Andryus Krivas Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 dövlətə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun diplomatik missiyalarına noyabrın 28-29-da Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində iştirak üçün dəvətnamə təqdim edib.
APA-nın Litva XİN-ə istinadən verdiyi məlumata görə, dəvət məktubları Litva prezidenti Dalya Qribauskayte, Avropa Birliyi Şurasının sədri Herman Van Rompey və Avropa Komissiyasının sədri Joce Manuel Barrozo tərəfindən imzalanıb.
Dəvətnamələri təqdim edən A. Krivas bildirib ki, Litva AB-yə sədrliyi kontekstində “Şərq tərəfdaşlığı”na böyük önəm verir. Onun fikrincə, “Şərq tərəfdaşlığı” ölkələrinin məqsədləri nəzərə alınarsa, sammit AB ilə əməkdaşlıq və dialoqun həyata keçirilməsində çox ciddi addım olacaq. Nazir müavini hesab edir ki, sammitin nəticələri AB ilə siyasi və iqtisadi yaxınlaşmanın əldə olunmasına imkan verəcək.