Dekabrın 26-da Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşüb.
Lent.az-ın Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, iqtisadiyyat, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, hökumətlərarası komissiyanın yaradılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, biznes forumların təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi barədə müzakirələr aparılıb.
Görüşdə tərəflər iki ölkə arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğu vurğulanıb, son illər Azərbaycan və Vyetnamın sürətlə inkişaf etdiyi, hər iki ölkənin yerləşdiyi regionda mühüm rol oynadığı qeyd olunub.
Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəlib.