Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Demokratik Siyasət İnstitutu və Avropa Parlamenti Xalq Partiyası siyasi qrupunun birgə təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsə gedəcək.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Litvanın Avropa Birliyində sədrliyinə həsr olunmuş “Dəyərlər və siyasət: Avropanın xristian kökləri” adlı konfransda Azay Quliyev məruzə ilə çıxış edəcək, Litva parlamentində görüşlər keçirəcək.
İyunun 6-dan 8-dək davam edəcək beynəlxalq tədbirdə Avropa Parlamenti, Avronest Parlament Assambleyası üzvlərinin, eləcə də nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı gözlənilir.
Qeyd edək ki, bu il iyulun 1-dən etibarən Avropa Birliyində sədrlik Litvaya keçəcək. Litvanın Avropa Birliyində sədrliyə başlamasından sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropada təhlükəsizlik və inteqrasiya məsələləri, eləcə də vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da tədbirə təşkilati dəstək verir.