Bu gün Ankarada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun toplantısında Forumun sədri Azay Quliyev geniş məruzə ilə çıxış edib.
Lent.az-ın verdiyi məlumata görə, Azay Quliyev öncə tədbirin yüksək səviyyədə təşkilinə görə Türkiyə Böyük Millət Məclisinin millət vəkili, ”EKO-Avrasiya” İctimai Əməkdaşlıq Assosiasiyasının sədri İsmail Safiyə və Türkiyə baş nazirinin müavininə təşəkkürünü bildirib.
Azay Quliyev çıxışında Forumun tarixi haqqında qısa məlumat verib. Onun sözlərinə görə, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun 2-ci toplantısı ötən il noyabrın 27-də Bakı şəhərində keçirilib. Bu tədbir zamanı Bakı Bəyannaməsi imzalanıb və Forumun sədri seçilib. Azay Quliyev qeyd edib ki, Bakı Bəyannaməsində müsbət hal kimi Forumun üzvü olan ölkələrin QHT-ləri arasındakı əlaqələr və bu əlaqələrin iştirakçı dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafına göstərdiyi təsirləri misal göstərmək olar. Bu gün bütün dünyada qloballaşma və demokratikləşmə meylləri hiss olunur, bu müstəvidə QHT-lərin rolu həm yerli, həm də beynəlxalq formatda genişlənir. QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayırlar. Azay Quliyev bildirib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatları enerji, nəqliyyat, kommunikasiya və digər regional layihələrin həyata keçirilməsinə də öz töhfələrini verirlər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verən Azay Quliyev 13 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Şura dövlət və QHT-lər arasında bir növ körpü rolunu oynadığını söyləyib. Şura xüsusi bir qurum olaraq hökumətlə QHT-lər arasında əməkdaşlığın inkişafı istiqamətində çalışır və bu gün həmin QHT-lərə dövlət dəstəyi təmin olunur. Azay Quliyev nəzərə çatdırıb ki, Şura həm də bir sıra vacib ictimai və iqtisadi əhəmiyyət kəsb edən məsələlərdə hökumətlə məsləhətləşmələr aparır və bu günə qədər ölkə daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lər tərəfindən həyata keçirilən 2 minə yaxın layihəyə maliyyə dəstəyi verilib. O, Şuranın Azərbaycanla ortaq maraqları olan xarici ölkələrin QHT-lərinə də maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib.
Azay Quliyev çıxışının sonunda toplantı çərçivəsində Forumun Nizamnaməsinin təkmilləşdirilərək qəbul ediləcəyinə, növbəti toplantının tarixi və məkanı haqqında razılaşmanın da əldə olunacağına ümid etdiyini dilə gətirib. O, Forumun üzvü olan ölkələrin bəzilərində bir zamanlar qeyd olunan 1 May Zəhmətkeşlərin Həmrəylik Günü münasibətilə təbrikini çatdırıb, onlara həmrəylik və peşəkar fəaliyyətlərində uğurlar arzu edib.