Avropa Birliyi: protokol Dağlıq Qarabağa aid edilmir
24 oktyabr 2013 10:41 (UTC +04:00)

Avropa Birliyi: protokol Dağlıq Qarabağa aid edilmir

Ermənistanın Gömrük İttifaqına qoşulması Avropa Parlamentində sərt tənqid olunub


 

Avropa Parlamentində Polşadan olan məruzəçi Tomaş Porembanın “Avropa Birliyi və Ermənistan arasında Ermənistan Respublikasının AB proqramlarında iştirakı üçün ümumi prinsiplərə dair Çərçivə Sazişi” üzrə hazırladığı tövsiyələrlə bağlı müzakirə keçirilib. APA-nın məlumatına görə, müzakirə zamanı Ermənistanın iki ildən artıq dövr ərzində Avropa Birliyi ilə danışıqlar apardığı halda, Vilnüs sammiti öncəsi Gömrük İttifaqına qoşulmaqla AB-ni aldatması və ikili oyun oynaması avropalı deputatların ciddi qəzəbinə tuş gəlib.

 

Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, vətəndaş cəmiyyətinin sıxışdırılması, digər dini icmalar, o cümlədən azsaylı katoliklərə və “Yehovanın Şahidləri” icmasına qarşı dözümsüzlük halları və Ermənistan cəmiyyətində radikalizm meyllərinin daha da artması avropalı parlamentarların diqqətindən kənar qalmayıb. Yaşıllar Partiyasının nümayəndəsi və Avstriyadan olan U. Lunaçek Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması məsələsini qaldırıb və hazırda Dağlıq Qarabağda yaşayan və Ermənistan vətəndaşı olan şəxslərin Avropa Birliyi proqramlarında iştirakına imkan verilməməsinin vacib olduğunu söyləyib.

 

AB Xarici Fəaliyyət Xidməti deputat sorğusuna aydınlıq gətirərək bildirib ki, Ermənistanın AB proqramlarında iştirakına dair protokol Dağlıq Qarabağa aid edilmir. Belə ki, protokolun 9-cu bəndinə görə onun müddəaları yalnız Ermənistanın öz ərazisinə şamil olunur. Məsələni beynəlxalq hüquq baxımdan daha da açıqlayan Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti bəyan edib ki, yalnız Ermənistanın beynəlxalq sərhədləri çərçivəsində tanınmış təsisatları bu proqramlardan faydalana bilərlər. AB ilə Ermənistan arasında viza sadələşdirilməsi rejiminə gəldikdə isə bu sazişin 2-ci maddəsinə görə onun şərtlərinin yalnız və yalnız Ermənistan vətəndaşlarına aid olduğu vurğulanıb.

 

Qeyd olunanlar bir daha onu göstərir ki, Ermənistan tərəfindən müxtəlif addımlara əl atılmasına baxmayaraq, beynəlxalq birlik, o cümlədən Avropa Birliyi tərəfindən işğal olunmuş ərazilər heç bir zaman Ermənistanın ərazisi hesab olunmayıb və olunmayacaq. Ümumiyyətlə, AB tərəfindən işğal olunmuş ərazilərə münasibətdə həssas və artıq formalaşmış bir münasibət var. Əgər Ermənistan AB-ni aldatmayıb, azad ticarət haqqında sazişi imzalasaydı belə, AB onun şərtlərini işğal altında olan Azərbaycan torpaqlarına şamil etməyəcəkdi. Necə ki, sadələşdirilmiş viza rejiminin şərtləri və AB-nin proqramlarında iştiraka dair protokolun şərtləri işğal altındakı ərazilərə şamil olunmur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1295
avatar

Oxşar yazılar