Lüksemburqda ATƏT “üçlüyü”+Avropa Birliyi (AB) ölkələrinin XİN başçıları formatında görüş keçirilib. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in hazırki sədri, Ukrayna xarici işlər naziri Leonod Kojara və Litva xarici işlər naziri Linas Linkyaviçusun sədrlik etdiyi görüşdə ATƏT məkanında təhlükəsizlik sahəsindəki işlər, o cümlədən münaqişələrin nizamlanması məsələləri müzakirə olunub.
"Görüş iştirakçıları ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarışına, habelə münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun yaradılmasına yönəlik səylərinə öz dəstəyini ifadə edib”, - deyə ATƏT-in mətbuat xidmətinin məlumatında vurğulanır.
Görüş zamanı həmçinin 5-6 dekabr tarixlərində Kiyevdə keçirilməsi planlaşdırılan ATƏT xarici işlər nazirləri Şurasının toplantısına hazırlıq məsələləri müzakirə olunub.