Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının birinci iş günündə qurumun sədri Jan-Klod Minyon jurnalistlər üçün ənənəvi brifinq keçirib.
J. K. Minyon APA-nın Avropa bürosunun Azərbaycanda keçiriləcək prezident seçkiləri və assambleyanın Dağlıq Qarabağ üzrə alt komitəsində bu sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib-keçirilməyəcəyinə dair suallarını cavablandırıb.
AŞPA rəhbəri seçki mövzusunda ünvanlanan suala belə cavab verib: “Bildiyiniz kimi, bu yaxınlarda assambleyamız gələn həftə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıya özünün seçkiöncəsi müşahidə missiyasını göndərmişdi. Hesab edirəm ki, bu missiyanın səfəri tam uyğun bir şəkildə keçdi. Bu gün səhər missiyanın rəhbəri Robert Valter bu səfərlə bağlı öz hesabatını təqdim etdi və biz də lazım olan qeydləri nəzərə aldıq. Bundan başqa, missiyanın Bakıda verdiyi bəyanatı da nəzərdən keçirmişik. Eyni zamanda Azərbaycandakı seçkilərin uyğun bir şəkildə keçirilib-keçirilməyəcəyini müşahidə etmək məqsədilə assambleya yaxın günlərdə yenidən öz seçki missiyasını Bakıya yollayacaq. Ümumi olaraq, seçkilərin uyğun şəkildə keçiriləcəyini düşünürəm”.