Bu gün Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks AŞPA-da çıxış edib. APA-nın Strasburq müxbirinin xəbərinə görə, N. Muiznieks çıxışdan sonra millət vəkillərinin suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların Ermənistan ərəfindən pozulan hüquqları ilə bağlı sual ünvanlayıb. N. Muiznieks suala belə cavab verib:
“Hesab edirəm ki, dondurulmuş adlandırılan münaqişələr nəticəsində öz ölkələri daxilində məcburi köçkün düşən insanların vəziyyəti daha acınacaqlıdır və onların hüquqları daha az qorunulur. Belə vəziyyət Avropa Şurasına üzv ölkələr arasında yalnız Cənubi Qafqaz bölgəsində deyil, misal üçün, Balkanlar kimi digər bölgələrdə də müşahidə olunur. Mən, belə deyək, bu “unudulmuş” nəslin hüquqlarına dair ayrıca məqalə də həsr etmişəm və bu məsələni diqqət və həyəcanla izləyirəm. Bu nəsil normal həyat yaşamayıb, normal təhsil görməyib və təbii ki, biz belə insanları unutmamalıyıq, onların problemlərinin həll olunması üçün birgə işləməliyik.
Onu deyə bilərəm ki, mən mayın sonlarına doğru Azərbaycana səfər edəcəyəm, daha sonra isə Ermənistanın Avropa Şurası Nazirlər Komitəsi sədrliyi çərçivəsində bu ölkəyə də səfərim olacaq. Hər iki ölkədə görüşəcəyim hakimiyyət və qeyri-hökumət strukturları ilə bu haqda müzakirələr aparacağımıza ümid edirəm. Bundan başqa, öz ölkələri daxilində məcburi köçkün düşmüş insanlarla da görüşməyi çox istərdim. Hesab edirəm ki, biz bu insanlara bütün lazımi siyasi və mənəvi yardımları əsirgəməməliyik”.