APA-nın xəbərinə görə, toplantıda Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Rene Rukenin Assambleyanın Bakıda keçirilən Bürosu və Daimi Komitəsinin iclaslarında iştirak üçün Azərbaycan tərəfinin ona viza verməməsi məsələsi də müzakirə olunub.
Müzakirələrdə AŞPA bürosu hesab edib ki, vitse-prezidentə viza verilməməsi Parlament Assambleyası üzvlərinin sərbəst hərəkət etmələrini nəzərdə tutan Avropa Şurasının imtiyaz və toxunmazlıq haqda Ümumi razılığın və Paris Protokolunun pozulmasıdır.
Buna görə də qurum iki il ərzində komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını keçirməmək barədə qərar qəbul edib. Qərar 2014-cü ilin 1 iyun tarixindən qüvvəyə minir. Lakin bu qərar AŞPA-nın seçkiləri müşahidə edən missiyalarına şamil edilməyəcək.
Qərarda o da vurğulanır ki, bununla belə, Azərbaycan AŞPA üzvlərinə sərbəst hərəkət etmə təminatı verdiyi təqdirdə, qərar Büro tərəfindən ləğv edilə bilər.
Qeyd edək ki, AŞPA Bürosu 5 sentyabr 2011-ci il tarixli qərarı ilə Assambleya üzvlərinin rəsmi missiyaları zaman sərbəst hərəkət etmə haqda öhdəliklər üzv ölkələr tərəfindən pozulduğu halda, Assambleya komitələrinin bu ölkələrdə iki il ərzində heç bir toplantısının keçirilməyəcəyi haqda qərar çıxarıb. Bu qərar ölkələr tərəfindən Assambleya üzvlərinə viza verilməməsi zamanı da tətbiq olunur.
Xatırladaq ki, 2013-cü ilin noyabrında Gürcüstana qarşı da belə bir qərar çıxarılıb.
Onu da qeyd edək ki, AŞPA-nın vitse-prezidenti Rene Rukeyə Azərbaycana gəlmək üçün viza verilməməsinə səbəb onun bir neçə fransalı həmkarı ilə bir müddət əvvəl Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməsidir. Həmin səfər zamanı onlar separatçı rejimin təmsilçiləri ilə görüşlər də keçiriblər. Bundan sonra Azərbaycan tərəfi onları “persona non-qrata” elan edərək, ölkəyə girişlərini qadağan edib. Həmin şəxslərin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da daxil edilib və saytında yerləşdirilib.
Xatırladaq ki, R. Ruke AŞPA sessiyalarında da dəfələrlə ermənipərəst çıxışlar edib, Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar səsləndirib.