“Arif Hacılının Milli Şura ilə bağlı pessimist fikirləri bu qurumun formalaşması ilə bağlı prosesə mənfi təsir göstərə bilməz”.
Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Asəf Quliyev verib. O deyib ki, bütün partiyalar Milli Şuraya daxil olmaları ilə bağlı qərarı əvvəlcədən müzakirə ediblər və öz daxili testlərindən keçiriblər: “Müsavat Partiyasında da Milli Şura ilə bağlı qərar tək partiya sədri İsa Qəmbərin iradəsi ilə olmayıb. Bu Müsavatın daxili toplantılarında dəfələrlə müzakirə edilib. İnanmıram ki, Müsavat Partiyası başqanının müavini statusunda olan bir şəxsin – Arif Hacılı da Milli Şura ilə bağlı prosesdən xəbərdar olmasın”.
AXCP funksioneri qeyd edib ki, Milli Şurada kifayət qədər siyasi partiyalar və şəxslər təmsil olunur: “Sadəcə bu cür fikirlər Müsavat Partiyasının daxilində hansısa mənfi təzadlar yarada və təşkilatın fəaliyyətinə mənfi təsir göstərə bilər. Milli Şurada Müsavat Partiyasının başqanı İsa Qəmbər təmsil olunur və bu da yetərlidir”.
Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mediaya açıqlamasında bildirib ki, Milli Şura ətrafında gedən müzakirələrdən kənardadır və yaşanan proseslərdən nikbin deyil.