Bu gün Milli Məclisin Heydər Əliyevin anadan olmasının 90 illiyi və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edliməsi ilə bağlı xüsusi iclası keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə öz çıxışında Heydər Əliyevin Azərbaycanın böhranlı vəziyyətində həmişə xilaskar missiyasını yerinə yetirdiyini söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev bu və ya digər qərarı qəbul etməzdən öncə hər kəsi dinləyib, təklifləri öyrənib: “Heydər Əliyevin rəyi həmişə həlledici olurdu. Mülahizələrini tutarlı dəlillərlə əsaslandırması nəticəsində sonda hər kəs Heydər Əliyevin qərarı ilə razılaşırdı. Ən məsuliyyətli və çətin qərarları özü təkbaşına qəbul edirdi. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümlülüyü yox idi. Təşəbbüskarlığı və mütərəqqi ideyaları dəstəkləyirdi. Əldə olunan uğurlara görə sevinirdi”.
Heydər Əliyevin güclü rəhbər kimi hər kəs tərəfindən qəbul edildiyini bildirən Arif Rəhimzadə qeyd edib ki, məhz bu səbəbdən də 1993-cü ildə bir zaman onun əleyhinə səs verən deputatlar da onun qayıdışa səs veriblər: “Heydər Əliyevin bir çağırışı kifayət etdi ki, heç bir təşkilatlanma olmadan insanlar meydana çıxıb onu müdafiə etsinlər. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd zamanı on minlərlə insan Prezident Administrasiyasının qarşısına axışaraq onu müdafiə etdilər. 1993-cü ildə Heydər Əliyevin qayıdışı millətin şərəf və ləyaqətini xilas etdi. Dövlətçiliyin əsasları qoyuldu, uğurlu sosial-iqtisadi siyasət həyata keçirildi”.
Çıxışının sonunda kövrələn Arif Rəhimzadə bildirib ki, Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətləri xalqın xatirəsində əbədi yaşayacaq.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov tarixi şəxsiyyətlərin millətin gücünü, əzəmətini göstərdiyini vurğulayıb: “Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var. Bu il Heydər Əliyevin 90 illiyi xalq sevgisi və böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin ideyaları bu gün də Azərbaycan xalqına xidmət edir”.
Arif Rəhimzadə: “Heydər Əliyevin bir çağırışı kifayət etdi ki...”
734