Arif Hacılı: “Rüstəm İbrahimbəyov siyasətə hobbi kimi baxırdı” - AÇIQLAMA - YENİLƏNİB
06 dekabr 2013 16:12 (UTC +04:00)

Arif Hacılı: “Rüstəm İbrahimbəyov siyasətə hobbi kimi baxırdı” - AÇIQLAMA - YENİLƏNİB

 “Son 20 ildə Müsavat Partiyasının təkbaşına, yaxud partiyamızın bilavasitə iştirak etdiyi bloklar kənarında Azərbaycan demokratik qüvvələrinin hər hansı bir ciddi uğura imza atdığının şahidi olmamışam. Rüstəm İbrahimbəyovun həm də Milli Şuranı təsis edən əsas siyasi qüvvələrdən biri olan Müsavat Partiyası haqqında bu cür fikirlər səsləndirməsi bu təşkilatın 10 minlərlə üzvünə qarşı hörmətsizlikdir. Bu, eyni zamanda Rüstəm İbrahimbəyovun özünün siyasətə bir hobbi kimi yanaşmasının və ölkədəki siyasi vəziyyəti, siyasi qüvvələr nisbətini bilməməsinin təzahürüdür”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib.

 

Qeyd edək ki, R.İbrahimbəyov APA-ya son açıqlamasında Müsavat Partiyasının Milli Şuradan ayrılmasının qurumun fəaliyyətinə heç bir təsir etməyəcəyini bildirib. O, Rusiya vətəndaşı olduğu üçün Azərbaycan müxalifətinə rəhbərlik etməsinin qeyri-mümkün olması ilə bağlı arqumenti də gülünc adlandırıb.

 

R.İbrahimbəyovun açıqlamalarına təəssüf etdiyini deyən A.Hacılının sözlərinə görə, söhbət tək başqa ölkənin vətəndaşı olmaqdan yox, həm də Rusiyanın vətəndaşı olmaqdan gedir və bu, kifayət qədər ciddi problemdir. O qeyd edib ki, Avropa Birliyi ilə Rusiya arasında faktiki olaraq Avrasiya məkanında təsiri artırmaq uğrunda mübarizə gedir və bu mübarizənin sərhədi bu gün Ukraynadan keçir: “Ukraynada baş verən proseslər Avrasiya məkanında təsir imkanlarının avtoritar Rusiya və demokratik Avropa arasında bölüşməsi uğrunda gedən mübarizədir və yaxın zamanlarda Azərbaycan da belə dilemma qarşısında qalacaq. Belə bir məqamda Azərbaycan demokratik düşərgəsi adından danışmaq səlahiyyəti olan şəxsin Moskvada yaşaması, Rusiya vətəndaşı olması və bu ölkə qarşısında müəyyən öhdəliklərinin olması, Rusiyadan asılı olması Azərbaycan demokratik düşərgəsi üçün çox ciddi problemdir”.

 

R.İbrahimbəyovun birmənalı şəkildə Milli Şuranın fəxri sədrliyindən imtina etməyəcəyini bəyan etməsi fonunda Müsavat Partiyasının Milli Şura ilə bağlı mövqeyini qətiləşdirib-qətiləşdirmədiyinə gəlincə, A.Hacılı deyib ki, kimlərinsə cari qınaqlarına tuş gəlməmək, özlərini sülhpərvər adamlar kimi göstərmək naminə mövqelərindən çəkinmək niyyətində deyillər: “Bizim üçün müəyyən məsələlərlə bağlı qırmızı xətlər mövcuddur və prinsipial məsələlərdə heç vaxt güzəştə getməmişik. Heç bir halda Azərbaycan xalqının mənafelərinin hansısa ikinci dərəcəli məsələlərə qurban verilməsi ilə razılaşmayacağıq”.

 

Müsavat Partiyasının Milli Şurada fəaliyyətini davam etdirməsi, yaxud dayandırması yönündə partiyada ciddi müzakirələrin aparıldığını söyləyən A.Hacılı gələn həftə Divanın iclasında da bu məsələnin müzakirə olunacağını açıqlayıb: “Yəqin ki, bu müzakirələr gələn həftə yekunlaşacaq və Müsavat Partiyasının Milli Şura ilə bağlı qərarları qəbul ediləcək. Bu qərarın Divanın iclasında, yaxud başqa bir toplantıda qəbul edilməsi partiya daxilində gedən müzakirələrdən asılı olacaq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar