“Müsavat Partiyası yeni yaranmış siyasi vəziyyəti dəyərləndirib Milli Şura ilə bağlı yekun qərar qəbul edəcək”
“Milli Şuranın fəxri sədrliyindən istefa verən Rüstəm İbrahimbəyov öz müraciətində bildirib ki, Müsavat Partiyası onun qurumun fəxri sədrliyindən imtina etməsi ilə bağlı tələb irəli sürüb. Rüstəm İbrahimbəyov haqlıdır”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib.
A.Hacılı bildirib ki, R.İbrahimbəyovun Moskvada yaşadığını, Rusiya vətəndaşı olduğunu və öz fəaliyyəti baxımından müəyyən asılılıqları olduğunu nəzərə alaraq, Azərbaycan demokratik qüvvələrinin təmsilçisi kimi fəaliyyət göstərməsinin həm onun özünə, həm də Azərbaycan demokratik qüvvələrinə ziyan olduğunu onun diqqətinə çatdırmışıq: Bu baxımdan Rüstəm İbrahimbəyov dediklərimizi dəyərləndirərək, Milli Şuranın fəxri sədri postundan getməsini pozitiv bir addım kimi müsbət dəyərləndiririk”.
A.Hacılı R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan imtinasından sonra Müsavat Partiyasının Milli Şurada qalıb-qalmayacağı barədə suala birmənalı cavab verməyib: “Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olması barədə konkret mövqeyimizi və motivlərimizi bildirmişik. Eyni zamanda biz istəyirik ki, müxalifət düşərgəsində yaradılmış qarmaqarışıqlığı aradan qaldıraq. Biz bu istiqamətdə müxalifət düşərgəsindəki real siyasi qüvvələrlə məsləhətləşmələrimizi davam etdirəcəyik. Təbii ki, bizim bundan sonra davam etdirəcəyimiz müzakirələrdə Rüstəm İbrahimbəyovun fəxri sədr statusundan istefa verməsi də rol oynayacaq. Müsavat Partiyası yeni yaranmış siyasi vəziyyəti dəyərləndirib Milli Şura il bağlı yekun qərar qəbul edəcək”.