“Bu məsələ Rusiyada əsassız yerə qızışdırıldı və ictimai qürur məsələsinə çevrildi”
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində təqsirləndirilən Orxan Zeynalovla bağlı açıqlama verib.
APA-nın xəbərinə görə, nazir müavini O.Zeynalovun işində bir neçə aspekt olduğunu bildirib.
Onun sözlərinə görə, məsələyə adi cinayət işi kimi baxılarsa, qanun çərçivəsində istintaq aparılmalıdır: “Azərbaycan üçüncü dövlətin ərazisində baş verən insidentə öz vətəndaşının aidiyyəti olduğuna görə tələb edir ki, bununla əlaqədar beynəlxalq hüququn və qanunvericiliyin mövcud norma və prinsiplərinə riayət olunsun. Digər tərəfdən, mənim müşahidələrimə görə, bu məsələ Rusiyada əsassız yerə qızışdırıldı və ictimai qürur məsələsinə çevrildi. Bunun nəyə gətirib çıxaracağını və arxasında kimin durduğunu bilmək istəyirəm”.
A.Əzimov qeyd edib ki, bu cür arzuolunmaz hallar hər bir ölkədə baş verə bilər: “Bilirsiniz ki, Rusiyada gərgin kriminogen durum mövcuddur və Moskva kimi bir meqapolisdə həmin gün çoxlu digər hadisələr də baş verib. Lakin ictimaiyyətin diqqəti həmin hadisələrə bu miqyasda yönəldilmədi. Bu səbəbdən burada müəyyən sünilik müşahidə edirəm. Bunun arxasında duran adamlar və ya strukturlar bu süni yaradılmış vəziyyətdən çıxış yolunu nədə görürlər? Onlar nə vaxta qədər bu böhranı yürüdəcəklər və bundan hansı faydaları götürəcəklər? Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmək istəyən adamlar situasiyanı düzgün qiymətləndirməlidirlər ki, bumeranq effekti ilə qarşılaşmasınlar. Digər tərəfdən, adi insident baş veribsə, onun istintaqı və məhkəməsi qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Azərbaycan məhz bunun tərəfdarıdır”.