Bu gün Almatı şəhərində Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət və “Asiyanın ürəyi” adlanan bölgəni əhatə edən İstanbul Prosesi çərçivəsində növbəti nazirlər konfransı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə 30 dövlətin xarici işlər nazirləri və yüksək vəzifəli nümayəndələri, bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edib. Araz Əzimov çıxışı zamanı qeyd edib ki, Əfqanıstanla dostluq münasibətləri olan, “Asiyanın ürəyi” regionunda yerləşən və beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olan Azərbaycan İstanbul Prosesində aktiv rol oynayır və nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasına öz töhfəsini verəcək. Konfrans zamanı Almatı Bəyannaməsi qəbul olunub. Bəyannamədə “Asiyanın ürəyi” bölgəsində etimadın yaradılması, regional əməkdaşlığın inkişaf etdirilməsi və dövlətlərin üzləşdiyi ümumi təhdidlərlə mübarizənin əsas prinsipləri və istiqamətləri öz əksini tapıb. Görüş zamanı Bəyannamə ilə birlikdə həmçinin etimad quruculuğu tədbirlərinin icra planları qəbul olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası İstanbul Prosesi çərçivəsində Narkotiklərlə mübarizə və Regional infrastruktur etimad quruculuğu tədbirlərinə həmsədrlik edir. Almatı konfransı zamanı İstanbul Prosesinin növbəti nazirlərin konfransının Çində keçirilməsi qərara alınıb.