Almaniyadakı azərbaycanlılar Bundestaqa etiraz məktubu göndərdi
30 sentyabr 2013 11:22 (UTC +04:00)

Almaniyadakı azərbaycanlılar Bundestaqa etiraz məktubu göndərdi

Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinə - Dağlıq Qarabağa qeyri-leqal səfəri ilə əlaqədar Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi bu quruma etiraz məktubu ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktubda qeyd edilir ki, Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin bu addımı BMT və Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrə ziddir: “Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu regiona edilən bütün səfərlər Azərbaycanın idarə orqanları tərəfindən tənzimlənməlidir.  Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi  vurğulayıb ki, Yürgen Klimkenin Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycanın ərazi bütövlüyünü tanıyan Almaniya Federativ Respublikasının da siyasətinə ziddir. Onun heç bir ölkə tərəfindən tanınmamış “qondarma respublikanın qondarma hökumət başçısı” ilə görüşü nəinki beynəlxalq hüquq normalarının pozulması və işğalçılara bəraət qazandıran bir hərəkət kimi, eləcə də Avropa İttifaqının, ümumiyyətlə, beynəlxalq qüvvələrin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan bir addım kimi qiymətləndirilə bilər. Bu isə Cənubi Qafqazda hökm surən mürəkkəb münasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur”.

 

Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasını zəruri sayır və hesab edir ki, belə bir nəzarət Azərbaycanın Avropa ölkələri, xüsusilə də Almaniya ilə münasibətlərinin, əməkdaşlığının daha da inkişaf etməsinə yardım etmiş olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868
avatar

Oxşar yazılar