Dağlıq Qarabağa səfərini səhv addım adlandırıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib
Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yürqen Klimkenin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi bəyanat yayıb. Səfirlikdən APA-ya göndərilən bəyanatda bildirilir ki, cari ilin 12 sentyabr tarixində AFR Bundestaqının Xristian-Demokrat İttifaqı / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasından olan deputatı Yürqen Klimke Ermənistana və oradan Azərbaycan tərəfinin razılığı olmadan qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə səfər edərək orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib: “Onun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi bu qeyri-qanuni səfər Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribatçı bir addımdır. Y. Klimkenin işğal altındakı ərazilərimizə səfəri ilə bağlı səfirlik tərəfindən Y. Klimkeyə etiraz məktubu ünvanlanıb və ondan bu qeyri-qanuni səfəri haqqında izahat verməsi tələb edilib. Həmçinin səfirlik Bundestaqın CDU/CSU fraksiyasına müraciət edib ki, məsələyə münasibət bildirsin”.
Səfirlikdən bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinə dair AFR hökumətinin mövqeyi məlumdur. Bu mövqeyə əsasən AFR hökuməti Azərbaycan Respublikasının ərazilərində mövcud olan nə qondarma rejimi, nə də onun hər hansı bir nümayəndəsini tanımır. Bu xüsusda Y. Klimkenin
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qeyri-qanuni səfərə dair artıq AFR-in Bakıdakı səfirliyi müvafiq bəyanatla çıxış edib. Eyni zamanda, AFR Bundestaqının deputatı Filip Misfelder, Bundestaqda CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü olaraq, Y. Klimkenin işğal olunmuş ərazilərə qeyri-qanuni səfəri ilə bağlı Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazova müvafiq məktub göndərərək məsələyə dair CDU/CSU fraksiyası adından münasibət bildirib. O, məktubunda Y. Klimkenin bu səfəri həyata keçirməsindən təəccübləndiyini və məyus olduğunu diqqətə çatdırıb və CDU/CSUfraksiyasından olan deputatın Dağlıq Qarabağa səfər etməsini səhv addım adlandıraraq bununla onun yanlış bir siqnal verdiyini vurğulayıb. F. Misfelder bəyan edib ki, Y. Klimke tərəfindən doğru addım Ermənistanın Azərbaycan torpaqlarını işğalını tənqid etmək və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü diqqətə almaq olardı. O bildirib ki, Y. Klimkenin bəhs edilən səfəri şəxsi bir səfərdir, CDU/CSU fraksiyasına aidiyyəti yoxdur və fraksiya tərəfindən heç bir şəkildə dəstəklənmir. F. Misfelder daha sonra deyib ki, Bundestaqın CDU/CSU fraksiyası çoxsaylı mətbuat məlumatları və mövqe sənədləri ilə AFR hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini dəstəkləyib. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr bu günədək yerinə yetirilməyib.