Almaniya qaçqın və məcburi köçkünlərlə bağlı yeni layihə həyata keçirəcək
04 dekabr 2013 17:52 (UTC +04:00)

Almaniya qaçqın və məcburi köçkünlərlə bağlı yeni layihə həyata keçirəcək

Dekabrın 4-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempellə görüşüb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

Azərbaycanda yeni fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən və ona gələcək fəaliyyətində uğurlar arzulayan Ə. Həsənov Azərbaycanla Almaniya arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırmaqla bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. O, həmçinin bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Almaniya Federativ Respublikası hökumətinə təşəkkürünü bildirib.

Görüşdə Ermənistanın hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti və onların sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılan görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi və səbəbləri, Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində problemin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti hazırda bu təbəqədən olan vətəndaşlarının bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir. Ancaq bunlara baxmayaraq ölkədə beynəlxalq humanitar və yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini davam etdirməsinə
də zərurət var.


H. Tempel çıxışında bildirib ki, Almaniya qaçqın və məcburi köçkün problemi ilə bağlı yeni layihə həyata keçirməyə hazırlaşır, yaxın vaxtlarda buna başlanılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar