Allahşükür Paşazadəyə Belçikada qızıl medal verildi
19 oktyabr 2013 15:40 (UTC +04:00)

Allahşükür Paşazadəyə Belçikada qızıl medal verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Belçikada “Krans Montana” Forumunun işində iştirak edib.

 

QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Allahşükür Paşazadə Forumun Belçikanın paytaxtı Brüssel şəhərində 16-19 oktyabr tarixlərində keçirilmiş XV Beynəlxalq sessiyasında iştirak edib.

 

QMİ sədri YUNESKO və İSESKO-nun birgə həmsədrlik etdiyi “Dinlərin sülh və strukturlaşdırmada rolunun inkişafı” mövzusunda sessiyasının işində “xüsusi qonaq” qismində Rəyasət Heyətində yer alıb.  Sessiyanı açan İSESKO-nun baş direktoru Əbdüləziz ət-Tuveyjri ilk sözü Şeyxülislam Allahşükür Paşazadəyə verib. İştirakçılara Azərbaycan xalqının və Qafqaz müsəlmanlarının səmimi salamlarını və xoş arzularını çatdıran Allahşükür Paşazadə qeyd edib ki, hansı millətə və dinə mənsubiyyətindən asılı olmayaraq, hamımız bəşər övladıyıq, sülhə və rifaha nail olmaq ən ümdə vəzifələrimizdəndir. O, xüsusi olaraq dini liderlərin bu sahədə öz məsuliyyətlərini dərk etmələrini zəruri sayıb. Allahşükür Paşazadə dini liderlərin hörmətləri və dövlət xadimləri ilə birgə əməkdaşlıqları sayəsində həm öz ölkələrində, həm də bütün dünyanın problemlərinə çarə tapmalarının mümkünlüyündən danışıb. Onun sözlərinə görə, qlobal təhlükələr fonunda dinlərarası dialoq qaçılmazdır. Habelə müqəddəs rəmzlərin zor işlətmək, təcavüzə haqq qazandırmaq üçün istifadə olunması, millətlərarası konfliktlərin əldə əsas tutulması qəbuledilməzdir. Azərbaycanın bu gün bütün dünya üçün uğurlu tolerantlıq nümunəsi olduğunu dilə gətirən Allahşükür Paşazadə ölkəmizdə dini qurumlar arasında xoş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Azərbaycanın bu gün də müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynadığını nəzərə çatdırıb. Dağlıq Qarabağ münaqişəsindən danışan Allahşükür Paşazadə bu münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş bütün səyləri bir din xadimi kimi dəstəklədiyini söyləyib.

 

Növbəti gün “Krans Montana” Forumunun medalının Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edilməsi ilə bağlı mərasim olub. Medalı təqdim edən şahzadə Jan de Lüksemburq Allahşükür Paşazadənin sülhyaratma sahəsindəki xidmətlərini xüsusi qeyd edib. Medala görə təşəkkürünü ifadə edən Allahşükür Paşazadə bunu bütün Qafqazın möminlərinin xidmətlərinə verilən qiymət kimi dəyərləndirib.  Forumun rəhbəri səfir Jan Pol Kalteron ilə təkbətək görüşdə Allahşükür Paşazadə gələcəkdə Forumda mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə Forumun XV sessiyasına “xüsusi qonaq” qismində iştirak edən yeganə dini lider olub. “Krans Montana” Forumunun qızıl medalı ilə fəaliyyətləri dünyada böyük nüfuz qazanmış və xüsusi xidmətlərə malik şəxslər təltif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315
avatar

Oxşar yazılar