ABŞ-ın “Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti “APA Holding”in dəvəti ilə Azərbaycandakı prezident seçkilərində “exit-poll” keçirir.
APA-nın xəbərinə görə, səhər saat 08.00-da Bakıda AJF-in informasiya mərkəzi açılıb. Ölkənin hər yerindən “exit-poll”un nəticələri bu mərkəzə daxil olacaq.
Şirkətin icraçı direktoru Barbara Fiala şirkətin 1676 nümayəndəsinin ölkə üzrə 835 məntəqədə 60.336 respondentlə “exit-poll” keçirəcəyini açıqlayıb. O qeyd edib ki, nəticələr dəqiq olacaq və xəta 0,4% təşkil edəcək.
AJF-in əməliyyatlar üzrə meneceri Ann Barnhart məlumatların hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacağını söyləyib. Məlumatları təxminən 40 operator emal edəcək: “Biz məlumatların lazımi qaydada toplandığına və emal olunduğuna əminlik hasil etmək üçün çox iş görmüşük. 60 mindən çox sorğu nəticənin minimal xəta ilə dəqiqliyinə imkan verəcək”.
Xatırladaq ki, “Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti ilə “APA Holding” arasında əməkdaşlıq haqqında müqavilə sentyabr ayrında holdinqin prezidenti Vüsalə Mahirqızı və şirkətin icraçı direktoru Barbara Fiala arasında imzalanıb.
Qeyd edək ki, “Artur J.Finkelsteinand Associates” şirkəti ABŞ-da 40 ildir siyasi konsaltinq və tədqiqatlar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak ediblər, sorğular keçiriblər və strategiyalar hazırlayıblar.