"Vaxt gələcək, biz İrəvanda, Göyçədə, Zəngəzurda yaşayacağıq"
18 sentyabr 2013 23:14 (UTC +04:00)

"Vaxt gələcək, biz İrəvanda, Göyçədə, Zəngəzurda yaşayacağıq"

 “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir. Mən xatırlayıram ki, Azərbaycan zabitini – Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul edib və mənim addımlarımı pisləyib. Lakin mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarıb, azadlığa buraxıb və ədaləti bərpa edib. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi”.


APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında deyib.


Dövlət başçısı vurğulayıb ki, bu hücumların heç bir təsiri ola bilməzdi: “Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək? Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olub. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik. Bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır, bu ədalətsizliyə son qoyulmalıdır”.


Prezident bildirib ki, torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, muzeylərimiz talan olunub, bütün şəhərlər yerlə-yeksan edilib.


“Bu memorial kompleksdə Şamaxının görüntüləri əks olunub. Burada Şamaxı məscidinin - qədim müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidinin yarıdağılmış vəziyyətdə olan şəkilləri göstərilir. Biz bu ilin may ayında Şamaxı Cümə məscidini yenidən bərpa etdik, 743-cü ildə tikilib. Bu məscid bu gün yenidən dindarların üzünə açılıb. Soyqırımı törədildi, bütün tarixi abidələr dağıdıldı. Bax, Şamaxının bu memorial kompleksdə əks olunan dağılmış vəziyyətdə olan şəkilləri bu gün yenə də təkrarlanır. Bu gün Ağdam, Füzuli, Şuşa belə vəziyyətdədir və bunu edənlər ermənilərdir. Bunu edənlər bu gün özlərini mədəni millət kimi təqdim etmək istəyirlər. Ancaq bunu edənin bir adı var – vəhşi! Başqa ad ola bilməz”, - deyə dövlət başçısı qeyd edib.


Prezident İ. Əliyev beynəlxalq hüquq normalarının işləmədiyini təəssüflə vurğulayıb: “Beynəlxalq təşkilatların qərarları kağızda qalır, ədalətsizlik davam edir. Belə olan halda əlbəttə ki, güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir. Necə ki, bu memorial kompleksin son ekspozisiyasında əks olunduğu kimi, 95 il əvvəl Qafqaz İslam Ordusunun fəaliyyəti və yerli qüvvələrlə birlikdə aparılan döyüşlər nəticəsində Bakı ermənilərdən təmizləndi. Gün gələcək əgər beynəlxalq hüquq normaları bərpa olunmazsa və Ermənistan öz işğalçı siyasətini davam etdirərsə, ordumuz son sözünü deyəcək. Bunu etmək üçün bu gün bizim gücümüz var. Bu gün Azərbaycan Ordusu bu bölgənin – Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan müstəqillik illərində bizim üçün yaradılan imkandan tam şəkildə istifadə edib. Əgər müstəqillik qazanılanda Ermənistanla Azərbaycan arasında iqtisadi və hərbi sahədə paritet var idisə, artıq bu paritetdən çoxdan əsər-əlamət qalmayıb. Son 10 il ərzində böyük yol keçmişik. On il əvvəl Azərbaycanın və Ermənistanın dövlət büdcələri təxminən eyni səviyyədə idi. Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50 faiz artıqdır. Yəni, biz bütün başqa parametrlər üzrə böyük üstünlük əldə etmişik - iqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bu gün biz artıq fəzaya çıxmışıq. Bizim peykimiz var. Bizim iqtisadi inkişafımız çox sürətlidir, o cümlədən bax, bu zonada – Quba-Qusar zonasında son illərdə çox böyük işlər görülür. Şəhərlər, kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz var”.


Dövlət başçısı bildirib ki, bütün bu amillər Azərbaycanın gücünü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir: “Ermənistan isə artıq öz hərəkətləri və bəyanatları ilə açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır. Qaniçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bu gün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər də tez tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcək. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.


Bu gün tarixi gündür. Bir daha demək istəyirəm ki, Quba Soyqırımı Abidə-Memorial Kompleksinin yaradılması tarixi məna daşıyır. İlk dəfə olaraq Azərbaycanda belə memorial kompleks yaradılır və bu yaddaş daim bizim qəlbimizdə yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət etsin!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1597
avatar

Oxşar yazılar