Anar İmanov etimadnaməsini Vyetnam prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Truong Tan Sanga təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Anar İmanov ölkəmizin Vyetnamla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini nəzərə çatdırıb.
Truong Tan Sang xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib və prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Vyetnam prezidenti Anar İmanovu Azərbaycanın Vyetnama səfiri təyin olunması münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Truong Tan Sang ölkələrimiz arasındakı əməkdaşlığın dərin tarixi olduğunu və ölkəsinin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, Vyetnamın neft sektorunun inkişafında azərbaycanlı mütəxəssislərin böyük rol oynadığını məmnunluqla qeyd edib.